Azərbaycan Prodüserlər Gildiyasının işçi qrupu Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan kino sənayesinin mövcud vəziyyəti, sahəni narahat edən problemlər və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Gildiya nümayəndələri ölkəmizdə prodüser institutunun formalaşması istiqamətində görülən işlər, bu sahədə qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması üçün təklifləri barədə Komitə sədrini məlumatlandırıblar.
Milli kino sənayesinin rəqabətqabiliyyətli olması və dünya bazarına inteqrasiyası üçün zəruri olan institusional dəyişikliklər görüşün əsas müzakirə mövzularından biri olub.
Polad Bülbüloğlu prodüserlərin təkliflərini dinləyərək, kino sahəsində mövcud problemlərin həlli və prodüserlik institutunun daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Görüşün sonunda tərəflər milli kinematoqrafiyanın inkişafı naminə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.