Azərbaycan mədəniyyətinin parlaq siması, tanınmış yazıçı, publisist, ssenarist və Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun 60 yaşı tamam olur.

Orxan müəllimin yaradıcılığı hər zaman özünəməxsus baxış bucağı ilə seçilib. Onun istər nəsrində, istərsə də ssenarilərində biz süni qəhrəmanları deyil, həyatın özünü – həm ağrısını, həm də ironiyasını görürük. O, mürəkkəb mövzuları sadə dildə, amma dərindən anlatmağın ustadıdır.

Yaradıcılıqla yanaşı, Orxan Fikrətoğlunun peşəkar fəaliyyətində redaktor və bədii rəhbər kimi fəaliyyəti, xüsusilə "Mozalan" satirik kinojurnalına rəhbərlik etdiyi dövr mühüm yer tutur. Onun redaktor baxışı, təcrübəsi və qətiyyəti yaradıcı ideyaların sistemləşdirilməsində və keyfiyyətli kadrların bir araya gəlməsində mühüm rol oynayıb, bir çox layihənin bədii səviyyəsinin qorunub saxlanmasına kömək edib.

Orxan Fikrətoğlu uzun illərdir ki, televiziya və media məkanında da milli yaddaşın qorunması, cəmiyyətin mənəvi baxış bucağının zənginləşməsi naminə yorulmadan çalışır. O, öz intellektual yanaşması və cəsarətli təhlilləri ilə xalqın maarifləndirilməsində müstəsna rol oynamışdır.

Azərbaycan Prodüserlər Gildiyası olaraq, milli kinomuzun, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında böyük əməyi olan dəyərli həmkarımızı ürəkdən təbrik edirik. Orxan müəllimə möhkəm cansağlığı, bitib-tükənməyən yaradıcılıq enerjisi və yeni-yeni uğurlu layihələr arzulayırıq.

Yubileyiniz mübarək!